Nüvədi kəndinin məktəb direktoru və müəllimləri

Nüvədi ziyalılarının yetişib cəmiyyətdə layiqli yer tutmasında kənd məktəbinin uzun illər direktoru İşləmiş iqtisad elmləri namizədi Cəlal Əliyevin, müəllimlərdən Məhiş Abbasovun, Əhmədəli Əliyevin, Həzi Musayevin, Süleyman Abdinovun, Allahverdi Cəfərovun, Cəlal Abbasovun, Fərəc Fərəcovun, Şamil Cəfərovun, Həmdi Cəfərovun, Pənah Rüstəmovun, Qüdrət Rüstəmovun, Həmzə Vəli oğlunun, Həsənqulu Cəfərovun, Səməd Ədilovun, İdris Qurbanovun, İbrahim Əliyevin, Əli Əlizadənin, Elma Məmmədovanın, Firuzə Abbasovanın, Nəriman Bağırovun, Hacı Hacıyevin, Paşa Qurbanovun və bir çox başqalarının böyük Zəhməti var.

Onlar gəncləri elmə yiyələndirməklə bərabər düzgün, doğruçu, vətənpərvər ruhda tərbiyə etmişlər. Nüvədi ziyalıları ilk müəllimlərinin adlarını həmişə fəxrlə çəkir, onları xoş təəssüratla xatırlayırlar.

Məşhur neftçi, Sosialist Əməyi Qəhrəmanı, bir neçə dəfə Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilmış İsrafil Hüseynov, Azərbaycan Respublikasının əməkdar rəssamı, ustad şair Şəhriyarın əsərlərinə çəkilən illüstrasiyaların müəllifi Fəxrəddin Əliyev Nüvədi məktəbinin yetirməsidir.

Nüvədi müəllimlərinin vətənpərvərliyi, ciddiliyi, tələbkarlığı və qayğısı nəticəsində kənd məktəbini bitirən məzunlardan iki akademik, doqquz elmlər doktoru, yüzə yaxın elmlər namizədi yetişib.

Nüvədili həkimlər – AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru Faiq Cəfərov, dosent Qafil Qurbanov, Aydın Cəfərov, Əmir Qurbanov və başqaları dünyalarını dəyişənə qədər nüvədililərin sağlamlığının keşiyində durdular.

Hazırda tibb elmləri namizədi Fikrət Qəhrəmanov, dosent Asiman Həsənov, fəlsəfə doktoru Bayram Əsədov, Rəfail Musayev və bir çox təcrübəli həkimlərimiz əhalinin sağlamlığının keşiyindədir.