Tarixin bəzi günləri millətin taleyini dəyişir, əsrlər boyu xalqın yaddaşında müqəddəs simvol kimi yaşayır. Azərbaycan xalqı üçün 8 Noyabr – Zəfər Günü belə günlərdəndir. Bu tarix, yüz illərlə arzuladığımız, amma reallaşması üçün həm müdrik rəhbər, həm də igid ordunun gərək olduğu bir arzunun gerçəkləşdiyi gündür. Zəfərin yolu – Liderin iradəsindən başladı Hər zəfərin arxasında bir iradə, bir strategiya, bir lider dayanır. Azərbaycan xalqının müasir tarixi bunu bir daha təsdiqlədi. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbənin memarı, ordumuzun Ali Baş Komandanı, xalqın Lideri İlham Əliyev oldu. O, təkcə müharibəni idarə edən sərkərdə deyil, həm də on illərlə hazırlanmış milli güc konsepsiyasının müəllifi idi. Ölkənin siyasi, iqtisadi, diplomatik və hərbi sütunlarını bir-bir möhkəmləndirərək, o gün üçün – Zəfər üçün zəmin yaratdı. Onun “biz torpaqlarımızı danışıqlarla deyil, döyüşlə azad edəcəyik” fikri xalqın yaddaşına bir əmr kimi yazıldı. İlham Əliyevin müdrikliyi, qətiyyəti və milli ruhu orduya da, xalqın hər bir fərdinə də güc verdi. Onun rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik həsrətin intiqamını aldı, Qarabağı və Şuşanı azad etdi. 8 noyabr 2020-ci il tarixdə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı – Şuşa azad olundu, Zəfər reallaşdı. Əsgər – xalqın ruhunu döyüşə daşıyan qəhrəman Zəfəri bizə yaşadan təkcə liderin iradəsi deyil, həm də Azərbaycan əsgərinin qəhrəmanlığı idi. O əsgər ki, dağlardan keçdi, soyuq, yağış, qar bilmədi; canını Vətən üçün fəda etdi. Hər bir şəhid, hər bir qazimiz bu Zəfərin canlı simvoludur. Əsgər, sadəcə döyüşən insan deyil, millətin namusunun, torpağının, bayrağının keşikçisidir. Onlar illərlə tapdanmış torpaqlarımıza qayıdaraq şəhidlərin qanını yerdə qoymadılar. Onların şücaəti sayəsində Azərbaycan xalqı başını ucaltdı, Qarabağ nidası qürurla səsləndi. Zəfər – millətin dirçəlişi və birliyinin təntənəsi Zəfər təkcə hərbi qələbə deyildi. O, həm də xalqın birliyinin, milli ruhun, dövlət-xalq birliyinin təntənəsi idi. Müharibə günlərində hər bir azərbaycanlı – cəbhədə döyüşən əsgərdən tutmuş arxada dua edən analara qədər – bir amal uğrunda birləşmişdi: Qarabağ Azərbaycandır! Bu gün Zəfər Günü – hər bir azərbaycanlının qürur, fəxr və minnətdarlıq günüdür. Biz bu günü yaşayırıqsa, bu, Ali Baş Komandan İlham Əliyevin iradəsinə, Azərbaycan Ordusunun qəhrəmanlığına, şəhidlərimizin canı bahasına mümkün olub. Zəfərin məsuliyyəti – gələcəyə vəfa borcu Bu zəfəri yaşadanlara qarşı ən böyük borcumuz onu qorumaq və davam etdirməkdir. Qarabağda dalğalanan üçrəngli bayrağımız əbədi olmalıdır. Bu gün yenidən qurulan şəhərlərimizdə, kəndlərimizdə yeni həyat başlayır. Hər tikilən ev, hər açılan məktəb, hər salınan yol – şəhid qanı ilə yazılmış Zəfərin davamıdır. Biz bu qələbəni unutmayacağıq. Çünki bu Zəfər – tariximizin, qürurumuzun, birliyimizin simvoludur. 8 Noyabr – liderin uzaqgörən siyasətinin, əsgərin mərdliyinin, xalqın birliyinin bəhrəsidir. Bu gün hər bir azərbaycanlı qürurla deyir: “Zəfəri bizə yaşadan Liderə və Əsgərə minnətdarıq!” Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!