Lehvaz kəndinin ağsaqqalları söyləyərdi ki, çox qədim zamanda bu kəndin əsasını bəy tayfaları qoymuşdur. Kənddə iki alban kilsəsi də mövcud olmuşdur, bunlardan biri sonradan məscid olmuş, digəri isə son dövrlərə qədər tövlə kimi istifadə olunurdu. Həmin məscid 1918-ci ildə ermənilər tərəfindən dağıdılmışdır. Kənddə əsasən azərbaycanlılar yaşamışlar. 1830-cu illərdən sonra çar Rusiyanın vasitəsi ilə İrandan erməni tayfaları Zəngəzura və o cümlədən də bizim kəndə az bir qismi köçürülmüşdür. Sonuncu deportasiya zamanı (1988-ci il noyabr ayının 23-ə olan məlumat) kənddə 160 azərbaycanlı ailəsi və 27 erməni ailəsi yaşayırdı.
Kəndin mərkəzində, qədim müsəlman məzarlığı olan bir yerdə (xalq arasında Kükürdün yarğanı) Lehvaz kənd orta məktəbinin yanında 1941-1945-ci illərdə həlak olmuş kənd sakinləri şərəfinə abidə ucalmışdır. Həmin abidədə 41 azərbaycanlının və 7 nəfər erməninin ad və soyadları həkk olunmuşdur. Və bu günədək abidə qorunub saxlanılır.