Günəş isidir, dünyanı işıqlandırır, gözəlləşdirir.
İnsan yaşayır, yaradır, hər an sevincə çatmağa can atır.
Körpə yeriyir, gülür, sevinir, ətrafda hamını sevindirir.
Bir çinar ucalıb budaqları ilə, bulaq qaynayıb, sərin suyu ilə ürəkləri sərinlədir.
Bir körpə ana qucağında isinir. Ana körpəsini yatağına uzadıb üzündən öpür.
Bir qara bulud Günəşin qarşısını kəsir. Şimşək səsi ilə ətrafa qorxu səpir.
Bir körpə uzaqdan “ana” səsləyir, səsinə səs verən, fəryadına “can” deyən yox...
Körpə ölüm borusuna salınmış, sonu olmayan, havası çatmayan dəmir boruya.
Necə qıydın?
Ey ölüm qoxan, ölüm səpən! Hər tərəfə qaranlıq səpdin. Özün də sonra qaranlıqda qaldın. Gülürsən, sevinirsən, ürəkdə yox üzdə, yalandan.
İçir, hey içir, sərxoş da olmursan, çünki Tanrının sevgidən, sevgi ilə yaratdığını - insan məhv eləmisən. Tanrı da qəzəblənib, sevincini əlindən alıb.
Ey Tanrının yaratdığı, şeytanın aldatdığı! Səni aldatdılar! Məhv elədiyin səni də məhv elədi. Üstünə qan tökdüyün torpaq daha lazımın olmadı. Çünki həmin torpaqda arxanca günahsız körpələrin ruhu gəzir.
Qorxutmuram səni... Sağ olmayan qorxmaz...
De, sən hər kəs kimi Ay işığında qorxmadan, dərdsiz-sərsiz uzanıb ulduzlara baxa bilərsənmi?
Qan axıtdığın torpağın üstündə gəzəndə ürəkdən sevinə bilərsənmi?
Ayna qarşısında xəcalət çəkmədən özünə baxa bilərsənmi?
Yəqin özünlə tək qalmaqdan qorxursan. Şeytan dedi, sən də elədin. De, bəs həmin vaxt vicdanın hardaydı?
Ağılsız! Sənin üçün qiyməti bir kəfənlik dəyərində olan başqasına məxsus olan torğaq üstündə də qan tökərlər?
Aynaya bax, gör bir-birimizə necə oxşayırıq? Tək bir fərqimiz var. Sən müharibə, mən sülh sevirəm. Sən qatilsən, mən isə insan. Elə bir insan ki, düşmən balasını vura bilməyən yox, bir şillə belə vurmağa qıya bilməyən insan. Nə böyük fərqimiz var.
Bizi ayıran təkcə din yox, həm də yüz illərlə ürəyində bəslədiyin kindi.
Qədimdə acgöz tayfaların yemək üstündə, var-dövlət üstündə, qarət məqsədilə uydurduqları din. Biz qonşu olmuşuq, sevincimiz, kədərimiz bir olub. Toyumuz, yasımız bir olub.
Sarı gəlinin bir hörüyü sən, bir hörüyü mən olmuşam. Hörüyü kəsib ananı gəlinsiz qoydun. Gör nəyi nəyə dəyişdin. Necə qıydın? Heç utandın?
Kinlə, nifrətlə, qan tökməklə torpağın da ola bilər, var-dövlətin də, şərabın da, eyş-işrətin də... Təkcə sevincdən və sevgidən başqa, hər şeyin... Deməli heç nəyin...
Sən hey içirsən, qədəhin boşalıb sınana qədər, dərdlə, kinlə dolu başın masaya çırpılana qədər.
İnan, nə qədər içsən də, hər yanda şərab axtaracaq, elə hey axtaracaqsan.
Bir gün saqqal basmış üzündən, çuxura düşmüş gözlərindən aynada özünü tanımayacaqsan. İnsan öldürəndən hər gün, hər an dəyişirsən, hər gün insan görkəmindən uzaqlaşırsan. Dərdinə çarə yox, zavallı. Nə su səni yuyub pak eləyəcək, nə torpaq eyibini örtüb-basdıracaq! Qəzəbin, kinin gen ilə övladlarına da ötürüləcək… Yazıq… Çox yazıq…
Yaşıdların sevinir, sənin isə həyatını həqiqətdə heç sənə lazım olmayan yad torpaq uzaqlara aparıb. Gözlərindən yaş əvəzinə qan tökülür. Gözlərin məhv olmuş gəncliyinə, həyatına ağlayır.
Bir ara qələbə çaldığına inandın. Torpagı işğal edib bayram elədin. Amma qazandığın torpaqlar səni sevindirməkdən xarabalığa çevrildi. İllərlə onu əkib-becərən, əzizləyən, sevən sahibini gözlədi. Quldur dəstən Şuşada çaldı, oynadı. Buna ara qatan bəzi işğalçı rusdan savayı heç kəs sevinmədi. Nə dost, nə düşmən, nə sən, nə mən...
De, kimə lazım imiş kimsəyə lazım olmayan qələbən?... Sevincə dəyişdiyin “yad vətən”..?
Gecənin nəğməsinə qulaq as...
Cırcırama susub, daha oxumur. Gecənin zülmətində eşitdiyin səs həmin uşaqların – sən qatili olduğun uşaqların fəryadıdır. Eşidirsən?
Unutma! Sən insan məhv eləmisən!!!
Güzgünü yerə vur, sındır, çilik-çilik elə! Sınmış güzgü parçalarından görəcəksən uşaqlar çoxalır, hamısı “ana” çağırır. Qulaqlarını tutsan da günahsız uşaqların fəryad səslərini eşidəcəksən, çünki səslər içindən gəlir.
İnsan öldürən! Səsimə səs ver! İnsan öldürüb sonra insan kimi yaşamaq olarmu?
Bir gün mütləq vətənimə - Ermənistana qayıdacağam! Sizə, “Ayıb olsun!” – demək üçün qayıdacağam!
Ey Vətənimi qan ilə suvaranlar! Cavab verin! İnsan öldürüb sonra insan kimi yaşamaq olarmı?