(Mənsur miniatür)
Ötən gecə bir röya gördüm. Röyamda gördüm, illərlə ayrı düşdüyüm Vətənimdə, Mığrıda - Əldərədəyəm. Yenə hər tərəf əvvəlki kimi gül-çiçəkdir, hamı sevinir, şadlanır. Quşlar yuvalarına qayıdıb həmişəki kimi cəh-cəh vurur, arılar sevinclə vızıldaşıb pətəklərin başına dolanır. Mən də sevinirəm, axır ki yurduma qayıtdım...
Birdən səs eşidirəm: “Sülh bayrağı qaldırın, nəyə lazımdır müharibə, insan-insana qardaş olmalıdır. Hamı bir-birinə can-deyib, can eşitməlidir. Ermənilərlə azərbaycanlılar arasında sülh müqaviəsi bağlamağın zamanı gəlib”, deyirlər.
Sonra göyə çoxlu ağ göyərçin buraxır, “Yaşasın dostluq, qardaşlıq, birlik!” deyib qışqırırlar. Mənə də bir göyərçin verirlər, “Sən də de”, deyirlər, “sonra isə göyərçini göyə uçurt”.
Deyilənə qulaq asıram, deyiləni etmək istəyirəm. Nəsə desəm də, səsim çıxmır.
Mən düşmən yanında heç vaxt ağlamaram. Amma gözlərimdən dayanmadan yaş əvəzinə qan tökülür. Köksümə sıxdığım göyərçini havaya buraxıram. Ağ göyərçin göydə dövrə vurur, vurur, sonra uçub-qonur şəhidimin qanı tökülən – qərənfil düzülən yerə. Sonra göyə qalxır, buludlara qarışır... Buludlar yağışa dönüb şəhidlərin məzarlarına yağır.
Mən isə EA (Ermənistan-Azərbaycan) səddindəki polad darvazanı açıb yavaşca sərhəddi keçirəm, sonra isə yenə darvazanı möhkəm-möhkəm bağlayıram.
Daha qayıtmıram sülhdən danışanların yanına. Çünki, düşmənin vəhşiliklərini unuda bilmirəm. Şikəst cavanlarımı görəndə ürəyim parça-parça parçalanır. Belə vaxt düşmənə nifrətim lap artır.
Mən Xocalı soyqırımını, Gəncə terrorunu heç vaxt unutmaram. Generallarımın, əsgərlərimin, qocalarmın, körpələrimin qanını tökəni heç vaxt bağışlamaram. Torpaqlarımı viran qoyanı, elimi yurdundan didərgin salanı heç vaxt, heç vaxt heç vaxt bağışlamaram.