Doğma Lehvazımızın gözəl yaylaqları çoxdur. Hər il yay aylarında məktəblər bağlandıqdan sonra kənd əhalisinin çoxu öz mal-qaralarını yaylaqlara aparar, özləri də o yaylaqlarda 3 ay müddətində istirahət edərdilər. Məktəblərdə tədris ili başlayanda kəndə qayıdardılar.
Bizim ailənin ən sevimli yaylağı Qanlı zəmi idi. May ayının 25-dən sonra atam bizi ailəmizlə bu yaylağa aparardı, orada oba (alaçıq) düzəldərdi, biz orda yaşayardıq. Yaylaqlarda günlərimiz elə gözəl, elə maraqlı keçərdi ki, bu günləri yaşamaq üçün yay tətilini həsrətlə gözləyərdik. Yaylaqda yaxın qonşularımız və qohumlarla yaxınlıqda obaları qurardıq, meşədən odun toplayıb ocaq yandırardıq. Ocaqda çay qaynadır, yemək hazırlayırdıq.
Əksər günlərimizdə səhər yeməyindən sonra günorta yeməyimizi götürüb yaxın ərazilərə - Maral oylağı, Daper, Mülk, Tey, Quş yuvası və Baş yurda ekskursiyalar təşkil edərdik. Buğakar pirimizə tez-tez ziyarətə gedərdik. Bu günlər bizim şagird həyatımızın ən gözəl, ən şirin, ən unudulmaz günləri idi. Qızlarla yığışıb müxtəlif çay otları toplamağa gedərdik, yaylaqda ancaq çay otları ilə çay dəmləyib içərdik. Bu çay otlarından — qara yarpız (qaraqınıq), kəklik otu, solmaz çiçəyi (altun otu), yarpız, qantəpər və s. Adlarını saymaqla bitməz. Bu çay otlarını toplayıb kəndimizə də gətirərdik. Qış boyu dəmləyib içərdik, xəstəlik nə olduğunu bilməzdik. İndi şəhərdə nə qədər çay otları alıramsa, oranın çay otlarının ətrini, dadını ala bilmirəm, tapa bilmirəm.
Axşamlar iri kötük odunlardan tonqal yandırardılar. Gecənin bir vaxtına qədər tonqalın ətrafında oturardıq, söhbətlər edərdik, müxtəlif oyunlar oynayardıq. Ancaq yatmaq üçün otağımıza (obamıza) gedərdik.
Yaylağa tez-tez qatı duman gələrdi. Duman o qədər qatı olurdu ki, hətta 50 metr məsafəni görmək olmurdu. Bu bizə o qədər xoş gəlirdi ki, həm qorxur, həm də sevinərdik. Vəhşi heyvanların yaxınlara gələcəyindən qorxardıq. Hər 6-cı və bazar günləri valideynlərimiz bizi görməyə gələrdi, sovqat gətirərdi, bizi sevindirərdi.
Yaylağımızda çox gözəl görünüşlü, gözəl ətirli çiçəklər çox idi. Həmin çiçəkləri toplayardıq, çələng hörüb başımıza qoyardıq, sevinərdik. Bütün yaylaqlarımız bizim üçün çox əziz və maraqlı idi... Boğakar, Selinti, Novlu çeşmə...
Yaylaqlarımız bizim üçün, biz də yaylaqlarımız üçün, sevimli Qanlı zəmimiz üçün çox darıxmışıq...
Çox hörmətli Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə tezliklə bu yurd yerlərimizə qayıtmaq ən böyük arzumuzdur. Bu xoşbəxtliyi, bu günləri Uca Allahımız tezliklə bizə qismət eləsin. Amin...