Maralzəmi kənd məktəbinin tarixi 1930-cu illərdən başlayır. O dövrdə, SSRİ-də maarifənmənin hələ yeni yayıldığı vaxtlarda, azərbaycanlı ailələrin övladlarına da savad vermək üçün ilk addımlar atılırdı. Lakin bunun üçün kəndlərdə məktəb yox idi.
Kənddə elmin, maariflənmənin vacibliyini dərk edərək bu yolda ilk addım atanlar, hətta öz evinin bir otağını uşaqlara dərs keçmək üçün verənlər olub. O cümlədən kəndin ilk ziyalılarından olan dövlət xadimi Əli Məmmədov yaşadığı iki otaqlı evi kənd uşaqlarının təhsil alması üçün məktəbə çevirmişdi.
Bu məktəb sadə bir quruluşlu, cəmi iki otaqdan ibarət olmuşdur. Burada şagirdlər ibtidai təhsil alır, biliklərə yiyələnirdilər. Məktəbdə nəinki Maralzəmi kəndinin uşaqları, hətta kəndə yaxın məsafədə olan Tey kəndinin uşaqları da təhsil almağa gəlirdilər. İbtidai sinfi kənddə bitirən şagirdlər təhsillərini davam etdirmək üçün digər qonşu kəndlərə getməyə məcbur olurdular. Məktəb 1963-cü ilədək fəaliyyətini davam etdirmişdir.
1964-cü ildə rayon Maarif idarəsi, Maralzəmi kənd kolxozu və sakinlərinin fəaliyyəti sayəsində kənddə yeni, daha geniş bir məktəb inşa edildi. Bu təhsil ocağının tikintisində bütün kənd əhalisi böyük əmək sərf etmişdilər.
Maralzəmi məktəbində çox sayda pedaqoq bilik və bacarıqlarını gələcək nəsillərə öyrətmiş, onların həyatında müsbət rol oynamışdır. İlk onilliklərdə 3-7-ci sinif təhsili olan şəxslər məktəbdə müəllim kimi fəaliyyət göstərmişdir.
Bu illər ərzində Maralzəmi kəndində dərs demiş müəllimlər barədə tam məlumatımız yoxdur. Təqribən ikinci Dünya müharibəsinədək Babaş Babayev, Nəriman Rəhimov müəllimlik etmiş və 1939-cu ildə müharibəyə gedərək geri qayıtmamışlar. Muradəli Babayev, Tağı Həsənov böyük vətən müharibəsinədək kənddə müəllimlik etmiş, sonra müharibəyə getmişlər. Muradəli Babayev bir də 60-cı illərdə müvəqqəti kəndə gəlmiş və sonra birdəfəlik yaşadığı Uzaq Şərqə geri qayıdaraq ömrünün sonunadək orada yaşamışdır.
Əslən Lök kəndindən olan Tağı Həsənov müharibədən sonra Lök kəndində müəllimlik etməyə başlamışdır. Müharibə illərində Lök kəndindən Bəhrəm Quliyev, Əli Əliyev ayrı-ayrı vaxtlarda kənddə müəllimlik etmişlər. Müharibədən qayıdan Qüdrət Orucov, sonradan həyat yoldaşı Şərgiyə Adırova, Kərim Rzayev və Bəxtiyar Orucov müxtəlif vaxtlarda, Hidayət Orucov (1962/1963-cü dərs ili) müəllimlik etmişlər.
1963/1964-cü dərs ilində müəyyən səbəblərdən kənddə məktəb olmamışdır. Ona görə təcili yeni məktəb tikintisinə başlanılmış və 1964-cü ildə istifadəyə verilmişdir.
1964-cü ildən məktəb bağlananadək Qüdrət Babayev, Oqtay Həsənov, Nəzakət Əliyeva, Əzizə Quliyeva, Elmira Əliyeva, Manaf Rəhimov, Elbrus Babayev ayrı-ayrı vaxtlarda pedaqoji fəaliyyət göstərmişlər.
1964-cü ildən 1982-ci ilədək müəllimlik fəaliyyəti ilə bərabər, həm də fasiləsiz olaraq məktəbin direktoru olmuş Qüdrət Babayevin savadlı olması, rus, erməni dilində sərbəst danışması, müəllim və şagirdlərə qarşı tələbkarlığı 50, 60, 70-ci illərdə doğulmuş Maralzəmililərin savadlı ibtidai təhsil almasında önəmli rol oynamışdır.
Həmin illərdə təhsil alanların həyatında Qüdrət müəllimin xüsusi yeri olmuşdur. Maralzəmi kənd məktəbi elm ışığı yayan bir mərkəz olmuş, təhsil alan şəxslərin arasından alimlər, mütəxəssislər, dövlət xadimləri və tanınmış ziyalılar çıxmış, xalqımızın, kəndimizin fəxr edilən insanları olmuşlar. Hər şagirdin əlindən tutub əlifbanı öyrədən müəllimlərimizin qarşısında baş əyirik.
Ermənilərin məkirli siyasətləri nəticəsində Maralzəminin məktəbi 1982-ci ildə bağlanmış, pedaqoji kollektiv qonşu kəndlərin məktəblərində müəllimlik etməyə başlamışlar. Kənd sakinləri övladlarını oxutmaq üçün 3 km aralıda olan qonşu Lök kəndinə göndərmək məcburiyyətində qalmışlar. Məktəbin direktoru Qüdrət Babayev isə birdəfəlik pedaqoji fəaliyyətdən uzaqlaşmaq məcburiyyətində qalmışdır.
Rayonun erməni rəsmilərinin məkirli siyasəti nəticəsində azərbaycanlı gənclərin təhsil almasında maneələr yaradılması, ali təhsil alan gənclərin iş olmama səbəbindən kəndə qayıda bilməməsi nəticəsində, Maralzəmi kənd məktəbinin sonuna gətirib çıxardı.
Əfsuslar olsun ki, sonuncu 1988-ci il deportasiyasından sonra Maralzəmi kənd məktəbi tamamilə dağıdılmışdır. Orada dərs demiş müəllimlər qaçqınlıq həyatı yaşamış, pənah gətirdikləri Azərbaycan Respublikasının müxtəlif bölgələrində pedaqoji fəaliyyətlərini davam etdirməli olmuşlar.
Hal-hazırda böyük əksəriyyəti haqq dünyasında olan müəllimlərimizə Allahdan rəhmət diləyir, həyatda olanlara sağlıqlı uzun ömür arzulayırıq.