Nüvədi Novruz adətləri

Hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunan Novruz milli bayram kimi türk dünyasına da təsir edib. Bu bayram türkün, Azərbaycan xalqının ulu tarixidir. Elə Qərbi Azərbaycanlıların da. İndiki Ermənistanda 1991-ci ilədək Novruz bayramı bütün bayramların şahı sayılıb. Məhz Novruz bayramı gələndə ermənilər həmişə vahiməyə düşüb, bütün türk xalqları kimi, Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara da dərin kin bəsləyib.

Novruz adətlərindən danışacağımız zəngin ənənəsi olan kəndlərdən biri də Nüvədi kəndidir. Dağlarla əhatə olunmuş, hər kəsin bir-biri ilə qohumluq əlaqəsi olan bu kənddə birliyimiz həm də Novruz bayramının gözəl ab-havada keçirilməsinə də təsir göstərirdi. Novruz bayramı ataəşpərəstlik inancının tərənnümlərindəndir. Atəşpərəstliyin nişanələri elə Nüvədidə də əksini tapırdı. “Əbdül ata ocağı” piri, “Dağdağan piri” kimi abidələr, “Od haqqı”, “Çıraq haqqı” deyimləri, günəşə, aya salavat çevirmək adəti..

Kəndin Novruz adətlərindən biri bütün çərşənbələrdə və bayram günü ipə asılan kəlağayı idi. Sanki bu kəlağayı bayramın gəlişini xəbər verən bir atribut idi. Bayrama bir ay qalmış Su, Od, Yel və Torpaq çərşənbələri qeyd edilərdi. Su çərşənbəsindən başlayaraq, ta Novruz bayramı qurtaranadək məhəllə-məhəllə toplaşaraq yumurta döyüşdürmək ənənəsi Nüvədi gənclərinin sevimli məşğuliyyəti idi.  Su çərşənbəsində hamı bir-birinə su atırdı, şaxtalı gün belə olsa, heç kim bu adətə etiraz etmirdi. Od çərşənbəsində hər həyətdə ocaq qalanardı. Kəndin cavanları maşın şinlərini Tağı əmigilin evinin yuxarısına çıxarıb 7 ocaq qalayardılar. Yel çərşənbəsində buğda qovrulurdu. Sini dediyimiz məcməyidə əvrənirdi. Torpaq çərşənbəsində isə həyətlər təmizlənir və torpağı şumlayırdılar. Təzə paltar da alınardı. 

Duzlu kökə bişirib gənc qızlara verərdilər ki, sevdiyi oğlan yuxuda ona su verəcək. Bu bir inanc idi. Bayram süfrəsinə üstündə xoruz əti olan maşlı aş, qovurmalı yemək, çəlləkdə qoyulmuş turşu, motal pendiri, itburnu şirəsi və s. düzülərdi. Xonçalara İrəvan kətəsi, müxtəlif meyvələr, çərəzlər, şirnilər, meyvə quruları və s. qoyulardı. 

Gənclər kəndin ətrafındakı təpələrdən, çöllərdən gəvən kolu toplayar, taxta, odun, çır-çırpı tədarükü görər, kənd şoferlərindən istifadəyə yararsız təkərləri alıb kəndin yanındakı təpələrin, qayaların başına qaldıraraq İlaxır çərşənbədə yandırmaq üçün hazırlayardılar. Torpaq çərşənbəsində axşam hava qaralan kimi kəndin bütün həyətlərində, küçələrində, məhəllələrində, təpəliklərdə gur tonqallar qalanardı. Ailənin bütün üzvləri tonqalın ətrafına toplaşar, bir-birinə xoş sözlər deyər, arzularını bildirər, hər kəs 3 dəfə tonqalın üzərindən tullanardı. Sonra hamı süfrə ətrafında əyləşərək şam edirdilər. Hər kəs xoş sözlər danışmalı idi, çünki həmin gecə “qapı pusma” adəti də var idi. Torpaq çərşənbəsində və Novruz bayramında yumurta boyanar, qovurğa qovrulardı. “Xıdır Nəbi” bayramında kirkirədə qovud çəkilərdi, anaların sandığı, nənələrin boğçası açılar, bayram nemətlərindən xonçalar tutulardı. Novruz bayramında ailənin bütün üzvləri yuyunur, təzə paltarlarını geyinir, kənddə hər kəs bir-birini təbrik edir, xonça bağlayıb yaşlı qohumların evinə bayramlıq aparardılar.

İndi işğalda olduğu üçün kəndimizin həsrətindəyik. Ümid edirik ki, Novruz tonqalı Qərbi Azərbaycanda əsir düşmüş yurdlarımızda yenə alovlanacaq. Tezliklə bütün Qərbi Azərbaycanda Novruz bayramı qeyd olunması diləyilə.